JURNAL SİYASƏTİ

Müəllifin öhdəlikləri:

  1. Müəlliflər əlyazmanı digər beynəlxalq, milli və ya lokal jurnallara göndərməməlidir. Həmçinin məqalə eyni zamanda digər dillərdə olan jurnal və ya kitabda (məqalələr məcmusunda) dərc edilməməlidir;
  2. Məqalənin birdən çox müəllifi olduğu halda onların hər biri tədqiqata bu və ya digər formada töhfə verməlidir. “Ghost”, “Guest” və “Gift” tipli (faktiki olaraq bir müəllif tərəfindən yazılsa da, başlıqda iki müəllifin göstərilməsi; naməlum müəllif; bir müəllifin digərinə hədiyyə tipli təqdimi) müəlliflər olduğu halda təqdim edilmiş əlyazma qəbul edilmir. Müəlliflər məqalə ilə əlaqədər birbaşa və kollektiv məsuliyyət daşıyır;
  3. Müəlliflər özləri barədə etibarlı məlumat təqdim etməlidir (məsələn, etibarlı e-mail adresi);
  4. Müəlliflərin başqalarının əsərlərinə və (ya) sözlərinə istinad etdikləri halda müvafiq hissələr sitat / istinad qaydasında verilməlidir. İstinadlar müvafiq mövzunun və hüquq sahəsinin həm tarixi inkişafına, həm də aktual vəziyyətinə uyğun olmalıdır;
  5. Müəlliflər məqalələrə hər hansı qrant, maliyyələşdirmə və ya digər dəstək halında Acknowledgment (“Təşəkkür”) hissəsində müvafiq qeyd etməlidir. Həmçinin müəllifə dəstək vermiş maliyyələşdirici qurum / şəxs barəsində dolğun məlumat əks etdirilməlidir (tədqiqatda rolu, məlumatların təfsiri və analizi və d.);
  6. Müəlliflər redaktorları tələb edilən məlumatlarla təmin etməlidir;
  7. Müəlliflər redaksiya heyətinin razılığı olmadan məqalənin qəbul edildiyi andan etibarən ona hər hansı mühüm dəyişiklik edə bilməz;
  8. Müəlliflər məqalənin dərcindən sonra onda ciddi akademik səhvlər və uyğunsuzluq aşkar edildiyi halda redaksiya heyətinə dərhal məlumat verməli, qüsurun aradan qaldırılması üçün əməkdaşlıq etməlidir.

Rəy Proseduru:

  1. Jurnalın Redaksiya Heyəti məqalənin rəy prosedurunun ən önəmli mərhələ olduğundan xəbərdardır. Təqdim edilmiş bütün əlyazmalar biri redaksiya heyəti üzvü olmamaqla ən azı 2 (iki) rəyçi tərəfindən yoxlanılır;
  2. Rəyçilər məqalənin elmi və praktiki tərəflərini qiymətləndirmək üçün mövzu üzrə kifayət qədər təcrübəyə malik olmalıdırlar;
  3. Rəyçilərin digər rəyçilər ilə məsləhətləşmə aparmalarına icazə verilsə də, Baş Redaktoru (və ya Baş Redaktorun müavinini və ya Redaksiya Heyətinin sədrini) məlumatlan-dırmadan rəylər digər rəyçiyə ötürülə bilməz;
  4. Rəyçi məqaləni qiymətləndirmək imkanına bu və ya digər formada malik deyilsə, dərhal onu geri qaytarmalı və Baş Redaktoru (və ya Baş Redaktorun müavinini və ya Redaksiya Heyətinin sədrini) məlumatlandırmalıdır. Alternativ rəyçi seçilməsi barədə onun təklifləri nəzərə alınacaqdır;
  5. Baş Redaktor məqalənin qəbul və ya rədd edilməsi barədə aydın olmayan, qeyri-dəqiq və səthi yazılmış rəylərin mövcudluğu halında əlyazmanı başqa bir rəyçiyə göndərə bilər;
  6. Məqalələrin qiymətləndirilməsi üçün standart müddət ən çoxu 2 (iki) aydır. Bu müddət təqdim edilmiş məqalənin fərdi xüsusiyyətlərindən asılı olaraq standart müddətdən çox ola bilər;
  7. Redaksiya heyəti rəyçilərin mövqeyinə böyük önəm verir. Rəylər vaxtında təmin edilməli, konstruktiv olmalı, müəllif(lər)ə münasibətdə təhqir, şəxsi qərəz və bu kimi kənar təsirlərdən uzaq olmalıdır;
  8. Rəyçilər özlərinin təqdim edilmiş məqalə mövzusunda hədsiz oxşar əlyazmaları olduğu halda, o cümlədən maraqlar toqquşması halında və ya hər hansı səbəbdən özlərinin dürüst və qərəzsiz mövqe bildirmək iqtidarında olmayacaqlarını hiss etdikdə öz-özünə etiraz etməlidir;
  9. Rəyçilər əlyazmaların məzmununu və təqdim edilməsi məlumatını məxfi saxlamalı, jurnalın məlumatı və icazəsi olmadan əlyazmanın nəzərdən keçirilməsi ilə bağlı birbaşa müəlliflərlə və ya kimsə ilə əlaqə saxlamamalıdırlar;
  10. Rəyçilər müəllifin icazəsi olmadan öz tədqiqatlarında müəllifin əlyazmasından istifadə edə bilməzlər. Rəy təqdimindən sonra onlar özlərindəki əlyazma nüsxələrini silməlidir;
  11. Rəyçilər plagiat, məlumat saxtalaşdırılması, manipulyasiya, qeyri-etik davranış, sui-istifadə, gərəksiz və dublikat nəşr hallarından şübhələnirlərsə, dərhal redaksiya heyətini məlumatlandırmalıdır;
  12. Məqalə bütün rəyçilərin müsbət rəyləri əsasında dərc edilir. Əgər bir rəyçi belə mənfi rəy verərsə, əlyazma fərqli rəyçiyə göndərilir. Həmin rəyçinin qərarı mənfi olduqda dərcdən imtina edilir. Müsbət rəy halında isə yekun qərar Baş Redaktora aiddir.

Redaksiya Heyəti ilə əlaqədar məsuliyyət:

  1. Baş Redaktor bütün müəlliflərə şəffaf, nəzakətli, obyektiv və dürüst davranır, etnik və coğrafi mənşəyə görə heç bir ayrı-seçkiliyə yol vermir;
  2. Baş Redaktor həm təqdim edilmiş əlyazmalarda, həm də rəylərdə və ya yazışmalarda linqvistik uyğunluğu, çaşdırıcı məlumatların və böhtan məzmununun olmamasını təmin edir;
  3. Məqalə jurnalın siyasətinə və mövzusuna uyğun gəlmədiyi hallarda Baş Redaktor rəyçilərə göndərmədən dərcdən imtinaya haqlıdır;
  4. Mübahisəli və ya qeyri-standart ideyalı məqalələr olduqda Baş Redaktor qəbul barədə redaksiya heyəti üzvləri ilə məsləhətləşmələr aparır;
  5. Baş Redaktor təqdim olunan bütün məqalələrin məxfiliyini qoruyur və tədqiqatında mü-əllifin dərc olunmamış materiallarından onun icazəsi olmadan istifadə edilməməsini təmin edir;
  6. Baş Redaktor pozuntu ehtimalı olan bütün halları araşdırır və müvafiq düzəliş qeydlərinin dərc edilməsi, məqalənin geri qaytarılması və ya ümumiyyətlə imtinası istiqamətində zəruri hərəkətləri yerinə yetirir;
  7. Baş Redaktor eyni zamanda müəllifə, rəyçilərə, abstraktlaşdırma və indeksləşdirmə xidmətlərinə və nəşrin oxucularına məqalənin geri qaytarılması və ya ümumiyyətlə imtinası barədə məlumat verir;
  8. Baş Redaktor rəyçilərin işinin keyfiyyətinə və vaxtında olmasına nəzarət edir, onların jurnal siyasətinə riayət etmələrini təmin edir;
  9. Baş Redaktor rəy prosesi zamanı müəlliflər və rəyçilər arasında vasitəçilik edir və yekun qərar qəbulu üçün təyin edilmiş üçüncü rəyçilərin şərhlərini nəzərə ala bilər;
  10. Baş Redaktor jurnalın vaxtında və lüzumsuz yubanmalar olmadan nəşrini təmin edir;
  11. Baş Redaktor aydın olmayan və ya şübhəli hər hansı bir halla (plagiat, məlumat saxtalaşdırılması, manipulyasiya, qeyri-etik davranış, sui-istifadə, gərəksiz və dublikat nəşr, maraqlar toqquşması) üzləşdikdə müəlliflərdən əlavə məlumat və ya dəqiqləşdirmə tələb etmək hüququna malikdir;
  12. Baş Redaktor və (ya) redaksiya heyətinin üzvləri özləri məqalə müəllifi olduqda və ya onun hazırlanmasına hər hansı töhfə halında rəy proseduru və nəşr qərarlarından kənarda qalır;
  13. Baş Redaktor müəlliflərə əlyazma ilə əlaqədar qərarı dəqiq şəkildə səbəbləri ilə birlikdə bildirir (əgər qüsurların düzəldilməsi ilə əlyazmanın dərci mümkün isə şərtlər də göstərilir);
  14. Baş Redaktor yekun qərar qəbulu zamanı tam hüquq və səlahiyyətlərə malikdir.

Jurnalın özünəməxsus tələbləri:

  1. Jurnal akademik səhvlər, saxtalaşdırma, manipulyasiya və plagiatda şübhəli bilinən bütün halları araşdırır, pozuntuya dair aşkar sübut olduqda müvafiq düzəliş qeydlərinin dərc edilməsi, məqalənin geri qaytarılması və ya ümumiyyətlə imtinası istiqamətində tədbirlər görür;
  2. Bütün nömrələr veb-saytda və əməkdaşlıq edən verilənlər bazasında dərc olunur. Məqalələrin təqdim edilməsi və nəşri pulsuzdur.

Nəşrlərin etik və digər pozuntuları monitorinqinə dair beynəlxalq standartların digər aspektləri buna əsaslanır: http://publicationethics.org

 

JURNAL SİYASƏTİNƏ ƏLAVƏ

1. Qanun və digər normativ aktların ədəbiyyat siyahısında olmasından asılı olmayaraq mənbə əlifba sırası əsasında düzülməlidir.

2. Son illərin tədqiqatlarına istinad edilməsi məqsədəmüvafiqdir.

3. Ədəbiyyat siyahısı ingiliscə olmalıdır. Əgər istinad digər dildədirsə, bütövlükdə ingilis dilinə tərcümə edilməli və sonda original dil göstərilməlidir. Nümunə: Davudov, D.D. Criminal Law (General Part). Moscow Publisher House, 2009, 245 p. (in Russian).

4. Qanun və məhkəmə qərarlarına istinad qaydası:

a) The Law of the Republic of Azerbaijan on State Procurement (ad), 2021 (qəbul olunma tarixi, əgər əlavələr edilmişsə, ən son əlavə tarixi qeyd edilməklə);

b) The Judgement 1(100)-100/2024 of Baku Appeal Court, 2024 (müvafiq məhkəmə, hökm/qərar/qərardad tarixi və nömrəsi).

5. Dərslik, dərs kitabları, dərs vəsaitləri və monoqrafiyaya istinad qaydası: Ergun, O.F. Turkish Constitutional Law (müəllif və əsərin adı). Ankara, Ekin Publishing House, 2023 (nəşriyyat və il). 14th Edition (əgər əsər yenidən işlənərək növbəti dəfə dərc edilmişsə, müvafiq nəşr nömrəsi).

6. Jurnal məqalələrinə istinad qaydası: Samirov, R.D. Principles of the civil procedure (müəllif və əsər adı). Baku State Uni. Law Rev., V.01, N. 5, 2024. P. 134-137 (ISO 4 standartlarına uyğun şəkildə jurnal adlarının abreviaturası, il, nömrə və müvafiq səhifələr).

7. Konfrans və məcmuələrə istinad qaydası: Ahmadov, C.C. The pre-revolutionary penal system of Russian Empire (müəllif və əsər adı), in Aliev A.I (“in” hissəciyi + redaktorun adı). Conference materials of Modern Trends in Law, Baku University, 2017, p. 200-220 (məcmuənin adı, nəşr edən, il və müvafiq səhifələr).

8. Internet resurslarına istinad: Mahirov, Y.Q. Philosophical background of transnational criminal law (müəllif və əsər adı). URL: https…….. (veb-ünvan), last access – 01.01.2024 (veb-ünvana müəllifin istinad üçün daxil olduğu son tarix).

9. Məqalələr unikal olmalı, elmin müasir tələblərinə ilə uyğunluq göstərməli, başqa bir jurnalda və ya məcmuədə dərc edilməməli və ya belə dərc üçün göndərilməməlidir. Məqalədə giriş-əsas hissə-nəticə ardıcıllığı gözlənilməli, annotasiya hər üç dil üzrə (Azərbaycan, rus, ingilis) 100 sözdən az olmamalı, açar sözlər isə 8-12 aralığında dəyişməlidir.

10. Göndəriləcək məqalələrin 5 səhifədən 15 səhifəyədək olması məqsədəmüvafiqdir.

11. Sətir aralığı 1.0, şrift Times New Roman, 12 bütün tərəflə üzrə boşluq 2 olmalıdır.