ISSN P:1810-9055 / ISSN E: 3079-8973 / DOI: 10.61638/AZLAWJL
AHJ.
← Buraxılışa qayıt

Cinayət hüququ

Müharibə cinayətlərinə görə beynəlxalq cinayət məsuliyyəti: dövlətdaxili və beynəlxalq yurisdiksiyaların qarşılıqlı nisbəti

Əlövsət Allahverdiyev

Xülasə

Məqalədə müharibə cinayətlərinin təqibi sahəsində dövlətdaxili və beynəlxalq yurisdiksiyaların qarşılıqlı münasibəti hüquqi, institusional və praktik aspektlər baxımından kompleks şəkildə təhlil edilir. Tədqiqatın əsas məqsədi beynəlxalq cinayət ədaləti sistemində milli məhkəmələrin və hüquq-mühafizə institutlarının artan rolunu müəyyənləşdirmək və bu rolun xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi tamamlama strategiyası və Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin əsasını təşkil edən komplementarlıq prinsipi kontekstində qiymətləndirilməsindən ibarətdir. Məqalədə göstərilir ki, beynəlxalq tribunal və məhkəmələr beynəlxalq hüququn inkişafı, hüquqi standartların formalaşdırılması və cəzasızlıqla mübarizə baxımından mühüm simvolik və normativ əhəmiyyətə malik olsa da, müharibə cinayətləri və digər beynəlxalq cinayətlərin faktiki təqib yükü əksər hallarda dövlətdaxili məhkəmə sistemlərinin üzərinə düşür. Bu baxımdan milli məhkəmələrin fəaliyyəti beynəlxalq cinayət ədalətinin effektivliyinin təmin edilməsində əsas mexanizmlərdən biri kimi çıxış edir. Tədqiqat çərçivəsində ad hoc beynəlxalq tribunaların fəaliyyətinin mərhələli şəkildə yekunlaşdırılması və baxılmamış işlərin milli yurisdiksiyalara ötürülməsi prosesi ayrıca araşdırılır. Bu kontekstdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş tamamlama strategiyasının yalnız beynəlxalq tribunal fəaliyyətinin texniki yekunlaşdırılması məqsədi daşımadığı, eyni zamanda milli məhkəmə və prokurorluq institutlarının gücləndirilməsi, onların beynəlxalq cinayətlərin araşdırılması və mühakimə olunması sahəsində institusional potensialının artırılmasına yönəlmiş siyasi-hüquqi mexanizm olduğu əsaslandırılır. Məqalənin əsas hissəsində Almaniya təcrübəsi universal yurisdiksiya prinsipi və Almaniyanın Beynəlxalq Cinayətlərə qarşı Məcəlləsi – Völkerstrafgesetzbuch (VStGB) əsasında beynəlxalq cinayətlərin milli səviyyədə təqibinin ən sistemli və effektiv nümunələrindən biri kimi təhlil edilir. Əfqanıstan və Suriya ilə bağlı işlərə dair presedentlərin araşdırılması göstərir ki, Almaniya məhkəmələri beynəlxalq humanitar hüququn və beynəlxalq cinayət hüququnun əsas prinsiplərini milli prosessual mexanizmlərlə uzlaşdıraraq faktların qiymətləndirilməsi, sübutların araşdırılması və hüquqi tövsifin müəyyənləşdirilməsi sahəsində səmərəli və praktik model formalaşdırmışdır. Belçika nümunəsi isə universal yurisdiksiya prinsipinin tətbiqi baxımından fərqli yanaşmanı nümayiş etdirir və bu prinsipin normativ gücü ilə onun hüquqi və siyasi məhdudiyyətləri arasındakı tarazlığın necə formalaşdığını göstərir. Bu təcrübə beynəlxalq cinayətlərin milli səviyyədə təqibinin yalnız hüquqi deyil, həm də siyasi və diplomatik faktorlarla sıx bağlı olduğunu ortaya qoyur. Nəticə etibarilə, aparılmış təhlil göstərir ki, beynəlxalq cinayət ədaləti sistemində komplementarlıq prinsipi fonunda dövlətdaxili məhkəmələr beynəlxalq cinayətlərin araşdırılması və təqibində əsas, davamlı və institusional baxımdan daha dayanıqlı mexanizmə çevrilmişdir. Bu isə beynəlxalq və milli hüquq sistemləri arasında qarşılıqlı əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin beynəlxalq cinayət ədalətinin effektivliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Açar sözlər

müharibə cinayətləri, dövlətdaxili yurisdiksiya, universal yurisdiksiya, komplementarlıq prinsipi, tamamlama strategiyası, beynəlxalq tribunal, Beynəlxalq Cinayət Məhkəməsi, immunitet, apellyasiya nəzarəti.

Məqalə PDF-i

PDF oxu

PDF-i endir
PDF yüklənir…