ISSN P:1810-9055 / ISSN E: 3079-8973 / DOI: 10.61638/AZLAWJL
AHJ.
← Buraxılışa qayıt

Cinayət hüququ

Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafı: müasir vəziyyəti və perspektivləri

Vüsalə Muradxanlı

Xülasə

Məqalədə yuvenal ədliyyə anlayışı, onun nəzəri əsasları, beynəlxalq hüquqi mənbələri müəllif tərəfindən təhlil edilmişdir. Yuvenal ədliyyənin dar və geniş mənada mahiyyəti izah olunmuş, sosial-reabilitasiya tədbirləri, müxtəlif təsisatların kompleks fəaliyyəti və uşaq hüquqlarının qorunmasına yönəlmiş müasir bərpaedici modelin üstünlükləri əsaslandırılmışdır. Eyni zamanda BMT- nin Uşaq hüquqları haqqında Konvensiyası, Uşaq hüquqları haqqında Bəyannamə kimi fundamental sənədlər, həmçinin bu sahəni tamamlayan BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi Birləşmiş Millətlər Təşkilatının Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal Standart Qaydaları (Pekin Qaydaları), BMT Baş Məclisinin 1990-ci il dekabrın 14-də qəbul etdiyi Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin önlənməsi üzrə Rəhbər Prinsipləri (Ər-Riyad Prinsipləri), BMT tərəfindən 1990-cı ildə qəbul edilən Qeyri-həbs qətimkan tədbirlərinə dair minimal standart Qaydaları (Tokio Qaydaları), BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi 20 saylı Qətnaməsi ilə təsdiq edilmiş Cinayətin qurbanı və şahidi olmuş uşaqların ədalət mühakiməsində iştirakına dair Rəhbər Prinsiplər kimi mühüm beynəlxalq aktlar öz əksini tapır. Bu sənədlərlə yanaşı, həm də Uşaq hüquqları Komitəsinin 10 və 24 saylı Ümumi Şərhləri məsələni məhkəməyə çıxarmadan həll etmək və əsas hüquqi prinsipləri düzgün tətbiq etmək üçün izahlar verir. Məqalədə Azərbaycan Respublikasında yuvenal ədliyyə sahəsində dövlət siyasəti və milli qanunvericiliyin vəziyyəti təhlil edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və Ali Məhkəmə Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli Qərarı əsasında yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin hüquqi əhəmiyyəti təhlil edilmişdir. Həmçinin qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti və yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üçün dərc etdirdikləri alternativ hesabatlarının əhəmiyyəti göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq yerli və beynəlxalq qurumlarla sıx əməkdaşlığı misal gətirilərək, yuvenal ədliyyənin ancaq cəzalandırıcı xarakter daşımadığı, kompleks hüquqi yanaşma tələb etdiyi qeyd olunur. BMT-nin Rəhbər Prinsipləri və “Ubuntu” nəzəriyyəsi kimi konseptlər uşağı mühitdən təcrid etmədən, cinayətkarlığın kök səbəblərini ailə, təhsil və sosial siyasətdə aradan qaldırmağı məqsəd kimi qeyd edir. Bu çərçivədə yuvenal ədliyyənin tətbiqinin müsbət və mənfi tərəfləri müqayisəli şəkildə araşdırılmış, müxtəlif dövlətlərin təcrübəsi əsasında mövcud problemlər və risk yaradan hallar təhlil edilmişdir. Məqalənin sonunda müəllif tərəfindən statistik məlumatlara əsasən təhlil aparılmış, Azərbaycanda yetkinlik yaşına çatmayanların hüquqlarının daha səmərəli müdafiəsi və cinayətkarlığın profilaktikası məqsədilə qanunvericiliyin, sosial siyasətin, təhsil sisteminin və ailə institutunun gücləndirilməsinə yönəlmiş elmi- praktik təkliflər irəli sürülmüşdür.

Açar sözlər

yuvenal ədliyyə, yetkinlik yaşına çatmayanlar, uşaq hüquqları, “Ubuntu” nəzəriyyəsi, milli qanunvericilik, beynəlxalq standartlar, profilaktik tədbirlər, BMT-nin rəhbər prinsipləri, Uşaq Hüquqları Komitəsinin Ümumi şərhləri, QHT-lərin fəaliyyətləri.

Məqalə PDF-i

PDF oxu

PDF-i endir
PDF yüklənir…